Fəxri Ağayevin bloqu

Konsultasiyalarım haqqında

Mənə ətrafımda olan işadamları daim soruşurlar – nə konsultasiyaları verirsən, firma seçimi necə olur, iş sistemi və rejimi necə olur. Bütün bu sualları cavablandırmaq üçün belə bir açıqlayıcı yazı yazmağa qərar verdim.

Təklif etdiyim konsultasiya xidmətləri isə iki hissəyə bölünür :
Layihə əsaslı
Proses əsaslı

LAYİHƏ əsaslı əməkdaşlıq odur ki, dəvət alıram firmaya və müəyyən bir layihə üzərində işləyirəm. Layihəni bitirirəm və şirkətlə əlaqələrimiz sonrakı layihəyə qədər durdurudur.
Misallar :
– Yeni qurulacaq şirkət üçün TAM biznes planın yazılması
– Böyümək üçün kredit alan (bəli bəli, böhran olmasına baxmayaraq bunu edən cəsarətli yerli şirkətlərimiz var) şirkət üçün biznes planın hazırlanması
– Xarici distribusiya sistemi olan şirkətlər üçün xaricdən gələn qonaqlarla olan iclaslarda şirkətin mənafelərini qoruyan konsultant olaraq iştirak etmək, müəyyən distribuyorluq və nümayəndəlik alınması mövzusunda bütün layhənin idarə olunması : xaricə səfərlər, danışıqların aparılması, görüş planları hazırlanması, yazışmaların kontrol edilməsi vs.

PROSES əsaslı əməkdaşlıq odur ki, şirkətlə əməkdaşlıq daimi olur. Bu əməkdaşlıq həftəlik standart görüşlər əsasında keçirilir. Həftədə 1 dəfə 1-4 saat ərzində şirkət rəhbəri və ya sahibi ilə görüşlər keçirilir və şirkətdə vacib olan mövzular müzakirə edilir. Proses əsaslı əməkdaşlığın bir neçə məqsədi və istiqamətləri olur :
– Şirkətdə müasir idarə etmə sistemlərinin qurulması ;
– Şirkətdə idarəçiliyin və əməkdaşların effektivliyinin artırılması ;
– Böhrana qarşı tədbirlərin alınması ;
– Şirkət rəhbərliyinin idarəçilik biliklərinin və bacarıqlarının artırılması ; 
(yazılanlar, görülən işlərin çox kiçik hissəsidir).

Bəzi hallarda şirkətin idarəçiliyini müvəqqəti olaraq üzərimə götürürəm, qismən və ya tamamən.
Lazım olduğu hallarda bütün diqqətimi bir şirkət üzərində cəlb edirəm və şirkəti hər gün ziyarət edirəm.

Şirkət diaqnostikası.
Proses əsaslı əməkdaşlıq başlamadan öncə şirkətin tam diaqnostikası keçirilir və bu diaqnostika əsasında şirkət rəhbərliyinə bütün problemlər, onların mənbələri və müxtəlif həlli yolları haqqında məlumatlar verilir.

Konsultasiya xidmətlərini təqdim etdiyim firmalarda axtardığım və əhəmiyyət verdiyim xüsusiyyətlər bunlardır :
– Dəyişikliklərə hazır olmalıdırlar. Bəzən köklü dəyişikliklərə. Bəzən effektiv olmayan qohumlarını və yerlilərini işdən çıxardmağa belə.
– Sektorunda lider olmaq istəyən şirkətlər olmalıdır. “Min bərəkət”, “Şükür Allahar, yaxşıdır hər şey və daha da yaxşı olar yəqin ki” sistemi ilə işləyənlərə bir məsləhətim olur – işləri zəyifləyən kimi üzərlik yandırsınlar.
– Uzun müddətli düşünməlidirlər və səbirli olmalıdırlar. Müvəffəqiyyət uzun çalışmaların nəticəsidir.
– Personalı və şirkətdə işləyən komandanın inkişafına büdcə ayrılmalıdır, çünki inanıram ki, hər bir şirkət onun əməkdaşlarının potensialı qədər böyüyə bilər. Bunun üçün də insan faktoru və komanda ruhu KRİTİK ölçülərdir mənim üçün.
– İçki və siqaret sektoru ilə qətiyyən işləmirəm və görüş təkliflərini belə qəbul etmirəm. Xalqıma ziyan verənlərlə işim olmaz, onların bizneslərini inkişaf etdirmirəm.
– Şirkət sahibi və ya rəhbəri mənimlə ancaq məntiqli şəkildə danışacaq və müzakirələr aparacaq. Əsassız, sübutsuz, “mən şirkət rəhbəriyəm, deməli mən bilirəm” tərzli arqumentlər qəbul edilmir. Mübahisə də edirik, müzakirə də, savaşırıq da – hamısı şirkət üçün. Bunu ikimiz də anlamağımız ÇOX vacibdir.
– “Satışı təcili artıraq” kimi qısa müddətli düşünən firmalarla çalışmıram. Inanıram ki, stabil və daimi müvəffəqiyyət uzun müddətli və doğru insanlarda bərabər olan bünövrə çalışmalarının nəticəsi olduğuna inanıram.
– Şirkətdə işləyən komanda ilə əlaqələrdə şəffaflıq tam təmin olunmalıdır.
– Sistem qurulduqdan və işlər inkşaf etdikdən sonra şirkətdə bu işi quran komanda üçün şirkət rəhbərliyi ilə döyüşməyə hazıram. Komandanın haqqı verilməlidir.
– Eyni sektordan və biri birinə rəqib olan firmalara konsultasiya vermirəm

Halı hazırda 6 firmaya və/və ya rəhbərlərinə konsultasiya verirəm. Sevindirici haldır ki, şirkət rəhbərləri və sahibləri mənim kimi əməkdaşlıq mövzusunda seçici və uzun müddətli düşünən insana konsultasiya üçün müraciət edərək artıq qısa müddətli düşünmədiklərini nümayiş etdirirlər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *