1
Məqalələrim

Mən necə marafonçu oldum

45 kq arıqladıqdan və qaçmağa başladıqdan sonra marafon qaçmaq haqqında son 3 ildə hər gün xəyal edirdim –. Bir neçə dəfə İstanbul və Dubayda marafonda iştirak etmək üçün qeydiyyatdan keçməyimə baxmayaraq, hər dəfə marafona çox az zaman qalmış səhhətimdə gözlənilməz problemlər baş verirdi və bu səbəbdən marafonda iştirak edə bilmirdim.

İstanbul 2014 marafonuna qeydiyyatı son qeydiyyat günündə etdim – 31 oktyabr tarixində, çünki bu gün öz bədənimi son bir dəfə ciddi bir məşq ilə sınamaq istədim – 2 saat ərzində 16 km qaçdım, və dərhal yarım saat trenajorda kürək çəkdim, və bundan sonra da krossfit etdim.

Marafon 16 noyabr tarixində, bazar günü, keçirilməli idi və mən marafon tarixindən 2 gün öncə İstanbula gəldim. Yarışda toplam 118 ölkədən 28.000 insan iştirak edirdi. Bunlardan 7.000 nəfər 42 km məsafəli klasik marafon məsafəsini qaçmağa iddialı idilər.

Startda.

 

4Həyəcan varmıydı? Yox – amma ciddi daxili gərginlik vardı, çünki məni narahat edən travmalarım vardı – əməliyyat olunan sol dizim, bud oynaqlarında ağrılar və yağış : yolun sürüşkən olacağından və sürüşə biləcəyimdən çəkinirdim. 

Marafon günü hava tutqun, nəmli və soyuq idi. Mən, şortik və termal köynək geyinmişdim. Isti geyinən rəsmi şəxslərin bütün çıxışlarını bitirmələrini gözləməyimiz bir saat yarım çəkdi. Start atəşinə qədər tez-tez əllərimlə ayaqlarımı sərt şəkildə vururdum ki, ayaq əzələlərim donmasın.

Soyuq və yağışlı bir gündə öz fiziki vəziyyətinə meydan oxumağa çıxan və özünə güvənən, güclü və ambisiyalı insanlar arasında olmaq çox xoş idi. Ətrafımda olan insanları izləyirdim – kimisi müsiqi dinləyirdi, kimisi gərgin gərgin gözləyirdi, kimisi yanındakılarla söhbət edirdi. Mən sakitcə durub qarşıda olan məsafəyə konsentrasiya olmağa çalışırdım : uzun zamandır gözlədiyim an yaxınlaşmışdı və bundan sonra mənim yeganə etməm gərəkən iləriyə gedmək idi.

Ilk 10 kilometr

Istanbul meri tərəfindən edilən start atəşindən sonra minlərlə insan irəliyə sıçradı – səssizcə qaçan insanların ayaq səsləri gəlirdi. Foto və video kameralarla duran jurnalistlər idmançılar arasında qalaraq əzilməməyə çalışırdılar.

Ilk 10 kilometri bir nəfəsdə qaçdım – böyük insan kütləsi məni özü ilə aparırdı, və mən ortalama məşq sürətimi aşdım.  Sürətimi komfortlu sürətə endirmək mümkün deyildi – səbirsiz idmançılar arxadan dəyərək qaçışlarına davam edirdilər. Ilk bir saat ərzində özümü durdurmağa çalışırdım – birinci saatda psixolojik vəziyyətə görə insan sürətlə qaçmaq istəyir, ancaq anlayırsan ki, irəlidə uzun qaçış, yüksəklik çıxma və aşağı enmə anları var və buna görə də dizlərimi, oynaq və əzələlərimi qorumalıyam və enerjimi doğru istifadə etməliyəm.

Ilk 10 kilometr boyunca yolun hər iki tərəfində də xalq kütləsi vardı və insanlar idmançıları alqışlayırdı, dəstək sözləri qışqırır, əllərində həvəsləndirici yazılar olan böyük kağızlar tuturdular, 2 dəfə isə yol boyunca musiqi ifa edən xüsusi musiqi qruppaları da vardı. Körpülər üzərində olan insanlar qaçanları kameralara çəkir və dəstək verici sözlər qışqırırdılar.

Ilk bir neçə tunelin altında keçərkən minlərlə insan bir səslə səslərini yüksəldərək qışqırırdılar və fit çalırdılar – hələlik güc və enerji vardı. 20 kilometrdən sonra qaçanlar tunellərdən səssizcə keçirdilər – artıq qışqırmağa gücləri qalmamışdı, gücü olanlar isə artıq onu qoruyurdular.

Bütün yol boyunca hər bir neçə kilometrdə təşkilatçılar masalar yerləşdirmişdilər, və bu masalarda sular, su ilə islanmış qubkalar, kəsilmiş almalar, soyulmuş bananlar, şəkər dənələri vardı və könüllülər bunları qaçanlara uzadırdılar. Idmançılar, suları alaraq içirdilər və plastik su şüşələrini yolun kənarına atırdılar.  Məsafə boyunca yolun kənarı su şüşələri ilə dolu idi.

 

21 kilometr.

Beləliklə, 21-ci kilometr bitdi – və artıq geriyə doğru hesabat başladı. Budlarımın ön hissələri, ayaq altları, ayaq barmaqlarım ağrımağa başladı. Ancaq hələ ki, gücüm vardı. Hələlik qaçmağa, məşqlərdə dinlədiyim musiqi kömək edir. Yol İstanbulun mərkəzindən havalimanına doğru gedir və yolun geriyə döngəsi hələ görünmür.  Bu döngəni görməyi çox istəyirdim, çünki bu geriyə dönüşün işarəti olacaqdı.

 

(201113125328)percorso maratona istanbul30 kilometr.

Bədənim çox yorulub. Ayaqlarım əzilmiş haldadır. Yol boğazın kənarında keçir, güclü külək üzümə əsir və buna əlavə olaraq yağış da yağmağa başladı. Yol sürüşkən idi və sürüşüb yıxılmaq təhlükəsi var idi.

30-cu kilometrdən sonra mən artıq öldüyümü  düşünürdüm.. və hər addımımı hiss edirdim… Hər bir sonrakı kilometr sevinc və kədər hiss verirdi : 1000 metr daha keçmə sevinci və iləridə daha minlərlə metrin olduğu düşüncəsi. Musiqi dinləmək istəmirdim, çünki musiqi artıq qulağımda kobud səslənirdi.

30-cu kilometrdən sonra qaşıçdan yürüyüşə keçən, yoldan çıxan, dinlənmək üçün dayanan insanların sayı artmağa başladı.

35-ci kilometrdən sonra mənə elə gəlirdi ki, mən artıq ölmüşəm… Düşünə və nəfəs ala bilmirdim… Sadəcə irəliyə gedirdim. Sürətli yürüməyə çalışdım, biraz rahatladım. Ancaq daha sonra qaçmağa təkrar başlamaq çətin olurdu  və buna görə də yürüməyi durdurdum.

38-ci kilometrdən sonra anladım ki, bədənim artıq məni dinləmir.. İrəli gedməyi özümə əmr etməyə başladım… Artıq hər addımımı möhür kimi yerə vururdum… Düşmək və hərəkət etməmək istəyirdim.

40 kilometr – 4 saat 52 dəqiqə

40-cı kilometr işarəsi sevindirdi – anladım ki, çox az qalıb amma bu ruh yüksəkliyi belə güc vermədi – ayaqlarım çətinliklə hərəkət edirdi.

41-ci kilometrdən sonra yol yüksəkliklə davam etməyə başladı– bu yüksəkliyi bükülmüş ayaqlarla çıxdım – ayaqlarımı dik tuta bilmirdim.  Ancaq öz halsızlığıma artıq əhəmiyyət vermirdim – mən çempion olduğumu anladım – mən qalib gəldim!!! Mən öz bədənimə ruhumun gücü və iradəmlə qalib gəldim….

 

Son 600 metr və finiş

Finişdən 600 metr öncə təşkilatçılar böyük səs gücləndiricisi ilə bir məsul şəxs yelrəşdirmişdilər və bu adam türkcə və ingilizcə yüksək səslə bizləri dəstəkləyirdi :  “Last 600 meters!!! Don’t stop!!! Go on”.

Bu mənə 200 metr daha sıçrayış gücü verdi, ancaq 400 metr işarəsində durdum – nəfəs almaq istəyirdim… Gücüm heç qalmamışdı. Son 400 metrlik yolun hər tərəfində minlərlə insan durmuşdu və bu kütlə idmançıları alqışlayırdı, dəstək sözləri deyir və əllərimizi sıxmaq üçün əllərini uzadırdılar. Son 100 metrəni xalça üzərində qaçdıq – və məni gözləyənlərin əlindən Azərbaycan bayrağını qoparddım və əlimdə bayraqla son xətti keçdim


 

3Nəticə – 40 yaşında mən marafonçu oldum və bu yola 37 yaşında başladım. Bir xəyalım daha reallaşdı – məqsədlərim və planlarımda bir müsbət işarət daha yarandı. 

Ilk hisslər? Içimdə hisslər və emosiyalardan ibarət bir vulkan və qalib nəriltisi var idi.

Ilk düşüncələr? Mən artıq öncəki insan deyildim. Mən marafonçu oldum. Ikinci düşüncə –  bu hissləri təkrar keçirmək üçün mən bunu dəfələrlə təkrarlayacağıma qərar verdim.

Ağrılarım finişdən 10 dəqiqə sonra başladı. Bütün bədənim böyük bir ağrıya çevrildi – oynaqlarım, ayaq, kürək, sinə  əzələlərim ağrıyırdı, sinəmin ağrısına görə nəfəs ala bilmirdim. Oteldə gördüm ki, ayağımda bir neçə barmağım qaralıb və dizlik ayağımın arxa hissəsini diz nahiyəsindən kəsib. Amma mən anlayırdım ki, ağrı və yaralar keçəcək, ancaq mən hər zaman üçün qalib və çempion olaraq qalacağam.

Öz üzərimdə çempion oldum– öz nəfsim, zəyifliklərim, təslim olma istəyim, bəhanələrim üzərində.


 
2

Marafon mənə nələri öyrəddi?

 Marafon mənə heç bir zaman və heç bir mərhələdə təslim olmamağı öyrətdi. Son 3 ildə mən ən az 3 dəfə marafon qaçmağı planlaşdırdım, və hər birində marafondan bir həftə öncə xəstələnidrim və ya travma alırdım. 1.5 il öncə Dubay marafonundan 3 gün öncə sol dizimdə menisk yırtıldı, və əməliyyat keçirdikdən sonra tam bir il qaça bilmədim. Ətrafımda olan insanlar mənə deyirdilər : “Fəxri, bəlkə qismət deyil?” Mən etiraz edirdim ki, nəfəs aldığım müddət ərzində mən öz arzum üçün mübarizə aparacağam. Və ancaq son nəfəsimi verəndə, irəlidə bilinməyən sonsuzluğa gedərkən geriyə baxıb  keçidyim yolu dəyərləndirəndə deyə bilərəm ki, bəli, qismət deyildi. O zamana qədər isə mən öz xəyalımı reallaşdırmaq üçün vuruşacağam.

Mənə deyirdilər ki, yaşım keçib, marafon cavanlar üçündür, mənim yaşımda sakitləşmək lazımdır, bədənimi sarsmamaq lazımdır və bu mövzuda müxtəlif “misallar” çəkirdilər. Və hər uğursuz yarışda deyirdilər ki, bu mənim sakitləşməyimin lazım olduğunun sübutudur.

 

Xoşbəxtəm. Mənim fiziki gücümün mənə imkan vediyindən daha çox edə biləcəyimi bilirəm. Mən anladım ki, bizim ruh gücümüz və iradəmiz, bizim bitmiş fiziki gücümüzü idarə edə bilər. Və mən fiziki yorğunluğu, ruhumun zəyifliyi olaraq qəbul etmirəm. Biz gücümüzün yetmədiyinə görə təslim olmuruq – psixolojik olaraq davam edə bilmədiyimizə görə təslim oluruq.

Xoş və təəccüblü – bu böyük məsafəni qaçmağa cəsarət edən müxtəlif insanları gördüm. Ayağı içəri doğru bükülən bir insan gördüm – amma qaçırdı, və yaxşı bir sürətlə qaçırdı; gənc bir oğlan gördüm, sağ əli geriyə doğru əyilmişdi, ancaq özündə cəsarət tapıb marafonda iştirak etməyə gəlmişdi; çox sayılı yaşlı insanlar gördüm – kişilər və qadlnlar; 45-50 yaşında kor bir insan gördüm – bir xanımın əlinə öz əlini iplə bağlayaraq qaçırdı…. Bütün bunlarla yanaşı ətrafımızda nə qədər həyatından narazı, və əlləri ayaqları, gözləri olan və özlərinə və öz passivliklərinə daim bəhanələr tapan insanlar var.

Və çox maraqlı və fərqli insanlar da vardı : çiyinlərində çanta və böyük oyuncaq ayı ilə qaçan gənc xanım və gənc bir oğlan – bütün marafon məsafəsini əlində üç topu havada çevirə çevirə qaçdı.

Məni nə sevindirir? Facebook profilimdə öz şəkillərimi yayınladıqdan dostlar siyahımda olan bir çox insan bir sonrakı marafonda iştirak etmək istədiklərini mənə yazdılar.

Mənə xoşdur ki, mənim şəxsi nümunəm ətrafımdakı insanlara dəstək edir : mənim yolum 3 il öncə siqaret tərgidməklə və çəkimi 120 kq-dan 75 kq-a azaldmaqla başladı : və mən bu gün marafonçu oldum. Yoluma 150 metr qaçışla başlayaraq mən üç il sonra bir nəfəsə 42 km qaça bildim.

Yolumuza hardan başlamağımız və bu gün harda olmağımız vacib deyil – vacib olan bizim hara gedməyimizdir.

Ən vacib – özümüzə məqsədlər müəyyən etməkdir, və qarşımıza çıxan manələrə – daxili və xarici – baxmayaraq, bu məqsədlərimizə doğru gedməkdir.

 

Bu 42 km məsafə olan və səhər saatlrında başlayan marafondan öncə mənim uzun, 3 illik gecəm oldu, və bu gecə ərzində mən özümlə, öz zəyifliklərimlə, səhər tezdən durmaq və məşq etmək istəməməyimlə mübarizə aparmalıydım, travmalar və yaralar alırdım, müalicə olunurdum, əməliyyat oldum və əməliyyat sonrası reabilitasiya keçdim… Ancaq 7.000 özünə güvənən, ambisiyalı və cəsur insanlarla bir sıraya duraraq eyni 42 km məsafəlik yola çıxarkən anlayırsan ki, bütün bu səylər boşa gedmədi.

 

 
 
1
Fəxri Ağayev
 
 

Məlumatlandırma

YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *