1
Müsahibələrim

Sportbox.az saytına müsahibəm

Master class. Fəxri Ağayev 30 yaşından sonra 45 kq çəki atmaq və tamamilə həyat tərzini dəyişmək haqda  – FOTO

1

Yeni “Master class” rubrikasında biz sizi hədsiz dərəcədə işin, dolğun qrafikin və ailə işlərinə həsr olunan istirahət günlərinin olmasına baxmayaraq öz timsalında sağlam həyat tərzi aparmağın mümkünlüyünü göstərən və sübut edən insanlarla tanış edəcəyik.

Bizim zəmanədə başı işə, şəxsi məsələlərinə və gündəlik qayğılara qarışmayan insan tapmaq müşkül məsələdir.

Təəcübləndirici deyil ki, belə gərgin qrafikdə sağlamlıq baxımından idman üçün vaxt hamıda tapılmır.

Çoxları bunu gərgin qrafiklə bağladığına baxmayaraq, anlayırıq ki, bir çox hallarda bizi minlərcə bəhanə gətirməyə adi tənbəllik vadar edir.

Lakin elə insanlar da tapılır ki, öz timsalında iş adamı qalaraq fəal olaraq idmanla necə məşğul olmağı göstərirlər.

Uğurlu iş adamı, tədrisçi və sağlam həyat tərəfdarı Fəxri Ağayev Sportbox.az-a müsahibəsində azərbaycanlı tələbələrə verdiyi seminarlardan, qət edilən marafonlardan və öz üzərində əzmli qələbələrdən danışıb.

Qeyd etmək lazımdır ki, “Masterclass” rubrikası MYBRANDS dəbli geyim mağazalar şəbəkəsinin dəstəyi ilə mümkün olub.

Fəxri, özünüz haqda danışın – nə ilə məşğulsunuz, işiniz nədir?

– Mənim 40 yaşım var. Ali təhsilimi Türkiyədə almışam. İngilis dilində biznes-menecment fakultəsini bitirmişəm. 15 il ərzində Türkiyədə, Azərbaycanda və bir sıra Avropa ölkəsində məşhur təşkilatlarının rəhbəri kimi çalışmışam.

Mən professional idarəçi və biznes-tədrisçiyəm, son 3 ildir ki şirkətlərin idarəetmə sistemləri ilə bağlı məsələlərin konsultasiyası ilə məşğulam, taym-menecment və şəxsi səmərəlilik haqda bir çox seminar, treninq və biznes master-klasslar təşkil edirəm.

Hal-hazırda “Sağlamlığın idarə edilməsi” adlı yeni treninq hazırlayıram. İşgüzar adamların enerjiləri qalmamasının güman etmələri ciddi problemlərdən biridir. Çünki onların çox enerjisi var, sadəcə olaraq onu düzgün yönəldə bilmirlər.

Bununla birgə, mən ilk kitabımı yazdım, özəl universitetdə dərs deyirəm, Azərbaycanda biznesin strateji idarəedilməsi mövzusunda məqalələr yazıram.

Həm də professional idmançıyam. Professional deyəndə, ciddi olaraq idmanla məşğul olduğumu qəsd edirəm. Mənim bu sahədə ən böyük uğurum isə 3 il ərzində 120 kq-dan 75 kq-a düşməyimdir.

2

– Bir az gözlənilməz sual olacaq, lakin onu verməmək mümkün deyil. Necə oldu ki, ən parlaq dövrünü yaşayan bir kişinin bu qədər artıq çəkisi var idi?

– Tam məntiqli sualdır. Buna səbəb ortastatistik azərbaycanlı direktorlara xas olan  həyat tərzi sürməyim olub. Minimal fiziki fəallıq, tamamilə idmana vaxt ayrılmaması, qida rejiminin və qəbul edilən məhsulların nəzarət edilməməsi, 18-illik siqaret aludəçiliyi – bunların hamısı ona gətirib çıxardı ki, 37 yaşımda 171 sm boyumla çəkim 120 kq göstəricisini aşmışdı.

Sözsüz ki bu sağlamlığımda, o cümlədən ürək-damar sistemində, qara ciyərdə, mədəaltı vəzdə və mədədə, ciddi problemlərə yol açdı. Həkimlər müalicəni hardan başlayıb, harada bitirəcəklərini bilmirdilər. Ürəyi müalicə edirdilər, qara ciyərə ziyan olurdu, qara ciyəri müalicə edirdilər – mədə sıradan çıxırdı və s.

Mənim müalicəyə çox pulum gedirdi, motivasiyam çox aşağı düşmüşdü, nəticədə isə bunun bir xeyri olmurdu.

– Yaxınlarınız və ətrafınız sizin bu vəziyyətinə necə reaksiya göstərirdilər?

– Xroniki yorğunluq yaranmışdı, özümü həmişə əldən düşmüş hiss edirdim. Mən bunu sıx qrafikə bağlayırdım, lakin işim də o qədər effektiv alınmırdı, çünki çox işləmək və effektiv işləmək – tam fərqli anlayışlardır.

Həm həkimlər, həm də ətrafımda olan insanlar məni sakitləşdirirdilər, bu yaşda hamının özünü belə hiss etdiyinə və burada qorxulu bir şey olmadığına inandırmağa çalışırdılar.

Məni sakitləşdirməyə çalışmayan yeganə insan atam idi. Onun 75 yaşı var, yetərli dərəcədə aktivdir və artıq çəkinin kişi üçün ciddi problemlər yaratdığını düşünməkdədir. O həmişə mənə bu vəziyyətin qeyri-normal olduğunu deyər və heç də yaxşı olmayacaq nəticələr haqda xəbərdar edirdi.

Artıq çəkili bir çox insan bunun normal həyat yaşamasına mane olmadığını bildirir. Sizin vəziyyət necə idi?

– Artıq çəkim mənə çox mane olurdu. Mən hətta ayaqqabımın bağını bağlamaq üçün əyilə bilmirdim!

Bundan əlavə psixoloji problemlər yarandı, mən özümə inamımı itirdim, ciddi komplekslər müşahidə olunurdu. Lakin, buna baxmayaraq, mən gündə 2-3 paçka siqaret çəkməyə və orqanizm qanunlarına zidd tərzdə qidalanmağa davam edirdim…

 

3

– Belə çıxır ki, siz əziyyət çəkdiyinizi anlayırdınız, lakin vəziyyəti dəyişmək üçün bir şey etmirdiniz.

– Müəyyən anadək. Azərbaycanda Subaru şirkətinin direktoru işlədiyim dönəmdə bir yaponiyalı ilə çox maraqlı görüşüm oldu. Cənab Akada təcrübə mübadiləsi üçün bizə qonaq gəlmişdi.

Nahar vaxtı əla ingilis dili biliklərimlə və müxtəlif ölkələrdə qazanılmış zəngin idarəetmə təcrübəmlə Yaponiyada iş tapa bilib-bilməyəcəyimi soruşdum. O qətiyyətlə “yox” cavabı verdi. Mən bu cavabdan mətəl qaldım və səbəbini soruşdum. Yaponyalı həddindən artıq kök olduğumu səbəb göstərdi.

Bunu eşitdikdə daha da heyrətləndim və mənim çəkimin professional bacarıqlarımla nə əlaqəsi olduğunu soruşdum.

Akada bunların arasında tam əlaqə olduğunu anlatdı – əgər mən öz orqanizmimi idarə edə bilmirəmsə, özümün ağası deyiləmsə, insanları necə idarə edə bilərəm?

O vaxt bu mənə çox toxunmuşdu.

– Bunu sizi sağlam həyata aparan yola çıxmanıza səbəb olacaq dönüş anı adlandırmaq olar?

– Bilirsiniz, mən artıq o vaxt bu səmtə getməkdə idim, lakin nə edəcəyimi, necə edəcəyimi bilmirdim. Buna görə də arıqlamaq məsələsində çoxlu səhvlərə yol verirdim. Bir çox həmvətənlilərim kimi bioloji aktiv əlavələr, iştahı aparan həblər, çaylar içirdim, müxtəlif massajlara gedirdim, lakin sonra özümdən başqa mənə kömək edə biləcək bir kəsin olmadığını və biliklənməyin vacib olduğunu anladım.

Təxminən 1 ay ərzində müxtəlif tibbi ədəbiyyat oxudum, təhlil etdim, nəyi necə etməyi, nədən başlamağı öyrəndim. Ən çətini siqaret atmağım oldu, mən buna uzun müddət sərf etdim.

– Anladığım qədər, siz birinci siqareti atdınız, sonra isə yığdığınız bilikləri gerçəkləşdirməyə başladınız?

– Bəli, çünki düzgün alqoritm qurmaq lazım idi – bir anda siqaret çəkmək və idmanla məşğul olmaq mümkün deyil. Siqareti atmaq o qədər çətin proses idi ki, tərgidəndən 1 il yarım sonra hər gecə yuxuda siqaret çəkdiyimi görürdüm. Lakin, nəticədə pis aludəmi cilovlaya bildim və idmanla məşğul oldum. Mən adi qaçışdan başlamağa qərara aldım.

Onda mənə elə gəlirdi ki, hamı kimi mən də qaça bilərəm. Lakin ilk 150 metrimi qaçandan sonra ürəyim bulandı. Bu çox dəhşətli idi. Özümü bir çox yaraları olan 35-yaşlı qocaya çevirdiyimi anlamışdım.

Lakin mən təslim olmadım ilk 150 metrin öhdəsindən gəldim. Sonra məsafə 160, 200 metrə uzandı, qida rejimimi dəyişdim. Mən, demək olar ki, yeni həyat tərzinə başlamışdım, il boyunca nəyi yeyə biləcəyimi və bilməyəcəyimi təhlil və müqayisə edirdim…

4

– Bir sözlə siz müəyyən qida rejiminə və sağlam həyatına səhvlər və yoxlamalar sayəsində gələ bildiniz. Siz bu sahədə ancaq bu yol ilə düzgün bir nəticə əldə etmək mümkün olduğunu düşünürsüz?

– Deməzdim ki, təkcə belə, lakin mənim təcrübəm məs bu cür oldu. Və bu təcrübəmi bütün istəkli insanlarla bölüşüb, onların mənim səhvlərimi təkrarlamamasını istədiyimi anladım.

Mən 3 aya 45 kq arıqladım. Çoxları elə düşünür ki mən məs bu müddətdə arıqladım, lakin bunun üçün 2 il qət etməli oldum. Və bu 3 aydan öncə uzunmüddətli hazırlıq dövrü var idi. Belə nəticəyə bir anda gəlmək mümkün deyil.

– Lakin, insanların böyük əksəriyyəti möcüzəvi və bir anda təsir gücünə malik həb axtarışındadır…

– Bu belədir. Amma öz vərdişlərinin dəyişdirilməsi – çox əmək və güc tələb edən prosesdir. Bu çox vaxt alır, çünki biz – vərdişlərimizin oluşdurduğu bir kəslərik. 45 kq arıqlamağıma mən 2 gün yox, 2 il sərf etmişəm. Bütün seminarlarımda vurğulayıram – uğura aparan yol asan, qısa olmur.

– Arıqlayan insanların ən çox etdiyi səhvlər hansılardır?

– Məsələn, belə bir mif var ki, idmanla məşğul olarkən sıx paltar geymək müsbət nəticə verir. İdman zallarında mən bunu tez-tez müşahidə edirəm və hərdən insanlara yaxınlaşaraq havakeçirməyən kostümün insan sağlamlığına nə cür ciddi ziyan vura biləcəyini anladıram, bir vaxtda həm arıqlamağın, həm də orqanizmi məhv etməyin düzgün olmadığı haqda danışıram.

Arıqlamaq sadəcə olaraq kalorilərin sayılması, adi riyaziyyatdır. Tərləmək isə orqanizmdən mayenin çıxarılmasıdır – guya 2 litr su içdikdən sonra itirlən kiloqramlar yerinə qayıdır.

Mən, insanlara nəticə əldə etmək üçün hər birimizdə olan məlumat toplularının sistemləşdirilməsinin çatışmadığını anladım. Mən isə bir çox yola əl atmışam və bölüşmək üçün yetərincə təcrübə əldə etmişəm. Buna görə də mən bir gecə ərzində sağlam həyat tərzi haqda saglamheyat.az bloqunu yaratdım.

5

– Sizin bloq nə haqdadır?

– İdmanla düzgün məşğul olmaq, necə idman zalı seçmək, necə qidalanmaq haqda. Orada mənim şəxsi təcrübəmlə bağlı bütün informasiya yerləşdirilib, aydınlıq üçün “əvvəl” və “sonra”kı fotolarım qoyulub.

Mən, əvvəl 150 metr belə qaça bilmədiyimi, lakin 1 ildən sonra asanlıqla 10-15 km-lik məsafəni qət edə bilən insana çevrildiyim haqda danışmışam.

– Yeri gəlmişkən. Mən izing noyabrda İstanbulda 42 km-lik marafona qatıldığınız haqda oxumuşam. Bilmək istərdim, artıq çəki ilə mübarizədə əla nəticəyə nail olan uğurlu iş adamının belə ağır və yorucu idman yarışmasına qatılmağı hansı məqsəd daşıyırdı?

– Bilirsiniz, gündəlik 10-15 km-lik requlyar qaçış təcrübəsi əldə etdikdən sonra yeni məqsədlər istədiyimi anladım. Bu mənim xasiyyətimin bir cəhətidir – bir şeyə başladıqda, müəyyən nöqtəyə çatdıqdan sonra dayanmıram, digər, ilk baxışdan əlçatmaz, məqsədi dəf etməyə çalışıram.

Başqa sözlərlə, hər əldə olunan nailiyyətlə, növbəti məqsəd daha vacib olur. Buna ambisiya deyilir – nə qədər çox qazanırsan, o qədər çox istəyirsən.

Uğur statik bir vəziyyət deyil, bu – dinamikadır. Buna görədə marafonu dəf etmək mənim üçün vacib idi. Bundan əlavə bütün iştirakçılara öz üzərində, zəiflikləri üzərində qələbə kimi medal verildiyini bilirdim. Bu isə təsdiqdir.

6

– Sizin üçün birinci dərəcəli nə idi – ruhuvuzun bədəninizdən daha güclü olduğunu sübut etmək, yoxsa öz uğurlarınızın başqaları tərəfindən tanınması?

– Mən ruhun gücünə çox inanıram. İnsanlar əsasən məğlub olmurlar, onlar kapitulyasiya edirlər – mübarizəsiz təslim olurlar. Mənim üçün ən vacib təslim olmamaqdı. Çünki mən, ruhumuzu bərkidən, bizi güclü edən, mübarizə prosesinə böyük qiymət verirəm.

Gücümün yetəcəyi son nöqtənin harada olduğunu bilmək istəyirdim. Ora çatdıqda isə məni irəli aparan yalnız ruh gücüm idi. 30 km-dən sonra demək olar ki bədənimi hiss etmirdim, amma buna baxmayaraq irəli gedirdim. Finiş xəttini keçdim və layiq olduğum medalı qazandım.

İndi mənim məqsədim 2015-ci ilin sonuna dək müxtəlif ölkələrdə 5 marafon qət etmək – 3 adi 42 km-lik marafon, bir 50 km-lik supermarafon və bir 100 km-lik ultramarafon. Bunu qət etdikdən sonra isə sutkalıq marafonu dəf etmək haqda düşünürəm.

– Niyə fiziki və mənəvi baxımdan özünüzü təsdiq etmək üçün məs marafonu seçdiniz? Çünki, bildiyim qədər siz 8 il ərzində tay boksu ilə məşğul olmusunuz.

– Marafonçu – özünə güc gələ bilən, “sədd” vəziyyətinə (qanda qlyükoza ehtiyatlarının tükənməsindən beyinin nə isə təhlil edə bilməyəcək bir hal) çata biləcək insandır. Bu vəziyyət 30 km-dən sonra yaranır, mən də bu hala bələdəm. Mənə vacib olan ruhumun bədənimdən vacib olduğunu sübut etməyim idi.

Marafon sizin nə qədər bərk olduğunuzu yoxlayır, lakin eyni zamanda özünüzə inanmağa məcbur edir, çünki hər bir atılan addım – bir irəliləyişdir. Ruhunuzun bədəninizə qalib gəldiyi an, özünüzü qalib hiss etdiyiniz andır.

7

– Bəs bu yarışma ruhu sizdə inkişf edib, yoxsa yatmış vəziyyərdə idi?

– Belə deyim, yarışma ruhunu qarşısında məqsəd qoyan hər bir insan inkişaf etdirə bilər. Məsələn mən səhər saat 3-də durub, 4 saat işlə məşğul olub, 1 saat üzüb sonra axşamacan görüşlər keçirə bilərəm.

Əlbəttə ki, səhər saat 3-də durmaq sadə bir şey deyil. Ona görə mən həmişə deyirəm ki, sizin gərək o qədər istəkli məqsədləriniz ola ki, sizi qaranlıq çəkilməmiş yataqdan qaldıra.

Əgər 20-yaşlı bir gəncin 40 yaşına şirkətin direktoru olmaq məqsədi varsa, o hər səhər duraraq ingilis dilini öyrənməyə vaxt tapacaq. Böyük məqsədlər böyük enerjiyə yol açır. Mən elə-belə marafon qaçmaq istəmirəm. Mən finiş xəttini keçdiyimi təsəvvür edirəm və bu obraz məni çox güclü enerji ilə qidalandırır.

Düşdüyüm anlarda, dizimdən əməliyyat olunanda, halım pis olanda, hal-hazırda nə vəziyyətdə olduğum haqda yox, bir ildən sonra necə olacağım haqda düşünürdüm.

– Siz necə zədələr almısız ki, hətta onlardan biri əməliyyata gətirib çıxarıb?

– Zədələr düzgün hazırlaşmamağımın nəticəsi idi. Fiziki baxımdan güclü olduğum üçün, nə qədər çox qaçsam, o qədər yaxşı olacağını düşünürdüm. Əslində isə gərək yüklənməni düzgün yerləşdirəsən və tədricən yüksəldəsən.

Amma mən bunu etmirdim və nəticədə Dubayda keçiriləcək marafona 3 gün qalmış əzələmi cırdım. Həkimlər dedilər ki, başqa variant yoxdur və əməliyyat tələb olunur. Onlar 2 həftədən sonra qaça biləcəyimə söz vermişdilər, lakin mən düz 1 il gəzə bilmədim.

– Bildiyim qədər menisk üzərində əməliyyatdan sonra reabilitasiya üçün bu çox uzun müddətdir…

– Bəli, amma iş orasındadır ki, uzun müddət əziyyət çəkdiyim artıq çəki səbəbindən oynaqlararası disklər silinmişdı və əzələlər pis gündə idi.

Lakin mən bir an olsun belə “marafon arzularım” ilə vidalaşacağım haqda düşünməmişdim. Baxmayaraq k, bir çox həkim özünü sığortalayaraq, məni bu fikirdən daşındırmaq istəyirdilər. Mən anlayırdım ki, adi insanları müalicə etməyə öyrəşmiş həkimlər əzmli idmançını anlamaqda çətinlik çəkəcəklər.

Yan əzələləri məşq etdirmək və ilkin mərhələdə hansı ağrıkəsiciləri atmağı öyrənmək üçün çoxlu mənbə oxumağa, müxtəlif saytlara girməyə başladım.

Əsas olan hansı vəziyyətdə olduğumuz deyil, məqsədlərimizə çatmaq üçün o vəziyyəti necə istifadə etməyimizdir. Ona görə də, xəstəxanada qaldığım 3 gün ərzində 2 kitab oxudum və 3 məqalə yazdım.

8

– Reabilitasiya dövrü çox mürəkkəbdir.Ətrafınız izing idmana qayıtmaq istəyinizi dəstəkləyirdi, yoxsa bu fikirdən qaçındırmaq istəyirdilər?

– Bilsəniz necə istəyimə mane olmaq istəyirdilər. “Bəsti, yetər, bundan artıq arıqlamaq lazım deyil, sənə belə də yaxşıdır” sözlərini bəlkə min dəfə eşitmişəm.

Qaça bilmədiyim o il ərzində çoxları bu marafonların, yüklənmələrin və idmanın bizim üçün olmadığını, avropalılara xas olduğunu deyirdilər. Elələri də var idiki, mənim əvvəlki çəkimə qayıdacağımı deyirdilər, yaşımı bəhanə gətirirdilər və elə bil demək istəyirdilər ki, onlar əzələlərini cırmırlar, demək düz edirlər ki qaçmırlar.

Lakin mən təslim olmadım – bədənimi tonusda saxlamaq üçün düz 1 il gücləndirilmiş rejimdə üzürdüm.

Məqsədim olmasaydı o bir ili heç nə etmədən uzanılı vəziyyətdə keçirəcək idim. Sağaldıqdan sonra ilk marafonumu qət etdikdən sonra mənim qələbə anım yetişdi. Bir-bir məni heç nəyi alınmayacaq qoca adlandıran insanlara zəng vuraraq nailiyyətim haqda danışdım.

– Bundan belə nəticəyə gəlmək olar ki ətrafdakılar sizi həmişə anlamır.

– Mən belə insanları “qəzəbli yanğınsöndürən” adlandırıram – onlar içimizdə qaynayan ruhumuzun odunu söndürürlər. Ona görə də hamıya hər şey danışmamaq, arzularınızı çətin keçən hər səhər, hər gün özünüzə daha da yaxın etmək və hər şeyin yaxşı olacağını düşünmək çox vacibidr. Bu da seminarlarımdan birinin mövzusudur.

– Fəxri, bilirəm ki, seminarlarınızı bizim universitetlərdə nəinki könüllü, həm də qarşılıqsız keçirdirsiniz. Tələbələr belə təşəbbüsü necə qarşılayırlar? Onlar sizin mühazirələrə maraq göstərirlər?

– Olduqca. Mən motivasiyalı natiqəm, 2-3 saat çıxış etmək iqtidarındayam. Bu günə dək 8 mindən çox tələbəyə seminar keçmişəm.

Mən özüm universitetlərə zəng vuraraq onlarla razılıq əldə edirəm, mənə çıxış etmək üçün meydan ayırmalarını xahiş edirəm. Demək olar ki həmişə bu ehtiyatla qarşılanır, bunu mənim nəyimə lazım olduğunu soruşurlar.

Mən də başa salıram ki, məqsədim gənclərimizi oyatmaq, vaxtlarını boş yerə israf etməməyə çağırmaq, bu ölkədə uğurlu olmaq üçün sadəcə düzgün seçim etmək lazım olduğunu anlatmaqdır. Bu mənim gələcək Azərbaycan, böyüyən nəsil qarşısında borcumdur.

Ola bilsin ki, bu gün onlara çatdırmaq istədiyimi anlayıb, gənclər sabah müəyyən səhvlərə yol verməyəcək və cəmiyyətimizin layiqli üzvləri olacaqlar. Bu gün hamı ölkəni söyür, şikayət edir, lakin heç kim vaxtı ilə özünü düz aparmadığını, nəyi sə düz etmədiyini etiraf etməkdən boyun qaçırır.

9

– Çoxları öz bəlalarında başqalarını ittiham etmək istəyirlər…

– Amma bu düz deyil. Bəxt yoxdur. Biz həyatımızı özümüz yoluna qoyuruq, biz – qərarlarımızın nəticəsiyik.

Məsələn, yanıma 25 yaşlı insan gəlir və ölkədə iş olmadığını bildirir. Mən ondan son il boyunca inkişaf üçün nə etdiyini soruşuram. Sən kitab oxumursan, lakin futbol matçlarına və seriallara baxırsan. Gündə 2 saat televizor izləmək həyatımızın 4 ilini alır.

Mənim yaxşı məvacibi olan iş vakansiyam var, lakin sən onu yerinə yetirməyə lazım olacaq biliklərə malik deyilsən. Bəs nəyə görə mən o işi sənə verməliyəm?

Əgər tələbə universiteti bitirdikdən sonra iş tapa bilmirsə, bunun günahı nə müəllimdə, nə dekanda, nə də ölkədədir. Tək günahkar onun özüdür.

 Mənim gənclərə çatdırmaq istədiyim odur ki, vaxtlarını səmərəsiz istifadə etdikdə öz uğurlu gələcəyinə kölgə saldıqlarını bilsinlər.

Biz istədiyimizi – höküməti, ölkəni, məmurları söyə bilərik. Lakin heç kim mənə tələbənin əlindən, ləzzətlə oxuduğu kitabı alan nazir göstərə bilməz. Əsas məğz bundadır.

– Tələbərlə danışıqda siz daha çox oxumağa önəm verirsiz, yoxsa özünütəhsilə?

– Mən artıq bunu demişəm – həyatımız öz əlimizdədir. Tələbə diplomun ona hansısa imtiyazlar verəcəyini düşünməməlidir, müəllimlərə tam bel bağlamamalıdır. Mən özüm tədrisçiyəm və buna görə tədrisdə nə qədər çox nəzəriyyənin və nə qədər az praktikanın olduğuna bələdəm. İşgüzar dünya isə düzgün sintez edilən nəzəriyyə və praktikadan ibarətdir.

Mən iş adamıyam, hər ay onlarca insanı işə götürürəm və çoxlu sayda heç bir biliklə bərkidilməyən diplomlu gənclər görürəm. Onlar nəinki müsahibələrdə gözəl tərzdə danışa bilmirlər,  elementar olaraq özləri haqda danışa bilmirlər, başqa sözlə özlərini mənə sata bilmirlər. Bu da ona görədir ki, onlar son kitabını məktəbi bitirdikdə, bəlkə də daha əvvəl , bağlayıblar.

– Gənclik sizin çağırışlarınıza cavab verir mi? Siz hansısa müsbət dinamika görürsünüz mü?

– Bu tərz motivasiyalı çıxışlar və seminarlar onlara, əsasən də zəif cinsin nümayəndələrinə, ciddi təsir edir. Sonuncular müasir dönəmdə ölkəmizin sosial və iqtisadi sahələrində gözəçarpacaq qədər fəallaşıblar.

Gənclər məni çox dəstəkləyir. Onlara bü cür motivasiya çatışmır.

Hansısa regiondan paytaxta gələn və ətrafdakılardan pulsuz və qohumluq əlaqələri olmadan burada bir şey əldə bilməyəcəyini eşidən tələbəni təsəvvür edin. Mənə bu sualla çox müraciət edirlər. Mən bu uşaqlara həmişə deyirəm: “Oxu, öyrən, biliklər qazan və, bakılı və ya gəncəli olduğundan asılı olmayaraq, mən şəxsən səni 1500 manat məvacibi olan işə götürəcəm”.

Mənim üçün vacib olan gəncləri, öz biliklərinə əsaslanaraq, ölkəmizdə uğurlu karyeraya nail olmağın mümkünlüyünə inandırmaqdır. Lakin bununla birgə gənclərimiz gərək həyatın təkcə professional uğurdan ibarət olmadığını bilməlidirlər. Həyat – ailədir, sağlamlıqdır, müntəzəm özünü kamilləşdirməkdir.

Onlar gərək professional uğurlara doğru uzanmalı, lakin bununla birgə insani keyfiyyətlərini itirməməlidirlər. Hitler ordusunda möhtəşəm mühəndislər var idi, lakin onlar ölümcül silahlar hazırlayırdılar, əla həkimlər var idi, amma əsirlər və heyvanlar üzərində tədqiqatlar aparırdılar. Əsas yaxşı professional olmaqla birgə, həm də yaxşı insan olasan.

91

– Qayıdaq sağlam həyat tərzinə. Fəxri, çoxları öz hərəkətsizliyini idmanla məşğul olmağa vaxt tapa bilmədikləri ilə əlaqələndirirlər. Siz bu vəziyyətin öhdəsindən necə gəlirsiz?

– Müxtəlif şirkətlərdə taym-menecment və şəxsi səmərəlilik mövzularında seminar və master klaslarda çıxış edərkən rəhbərlərə və menecerlərə həmişə bir sual verirəm: “Niyə sizin idmana vaxtınız yoxdur və sizə bunun üçün nə qədər vaxt lazımdır?”.

Faktiki olaraq, əgər insan düzgün qidalanırsa, ona özünü formada saxlamaq üçün məşqə 2-3 saat sərf etmək gərəkmir. Elə idman növləri var ki, onunla gündə 20 dəqiqə məşğul olmaq yetərlidir.

“Vaxtım yoxdur” – istəksiz insanlar üçün ən əla bəhanədir.

Bakıda, səhər 6-7-də mənimlə idman zalına gəlib məşq edən, basseyndə üzməyə vaxt tapan və sonra işə yollanan bir çox iş adamı tanıyıram. Onlarının biznesinin dövriyyəsi elə səviyyədədir ki, vaxt çatışmamazlığından gileylənənlər, özlərini narahat hiss edə bilərlər.

Hətta ofisdən çıxa bilmədiyini iddia edən şəxsin hər saat oturub-durma hərəkəti etməyə vaxtı var, elə deyilmi? Oturub-durma – güclü, əzələli ayaqlar, yaxşı qandövranı, yaxşı metabolizm deməkdir. Bundan başqa nə lazımdır? Bu sıraya pressi, çəkinməni və yerində hoppanmaları daxil etmək olar.

– Belə çıxır ki, kiçik maddiyat və zaman sərf edərək yaxşı formada qalmaq mümkündür?

– Sağlam həyat tərzi çox asan, ucuz bir şeydir. Çünki ən ucuz qida məhsulları – meyvə və tərəvəzlərdir. Və bunlarla bağlı ölkəmizdə problem yoxdur. Özünü formada saxlamaq istəyən üçün isə çox vaxt, xüsusi avadanlıq, idman zalı və üzgüçülüyə getmək vacib deyil.

Ezamiyyətdə olduğum zamanlar görüşlərim adətən gecə saat 2-3-də bitir, lakin mən mehmanxanaya qayıtdıqdan sonra 20-30 dəqiqə yerimdə hoppanıram. Və hoppanmağın müxtəlif variantlarını sadalaya bilərəm – bir ayaq üstə, iki ayaq üstə, sağa-sola. Hətta ən məşğul adamın 20 dəqiqə boş vaxtı olur.

Sağlam həyat tərzi – insanın hər gün etdiyi seçimdir. Məsələn pilləkənlə lift arasında birincini seçmək lazımdır, tort və alma arasında – alma əsas olmalıdır.

Daha bir misal – siqaret çəkməyin ziyanı haqda hamı bilir, lakin görün xəstəxanaların önündə nə qədər ağ xalatlı insan siqaret çəkir. Deməli bilmək vacibdir, lakin yetərli deyil. Daha vacib olan biliklərini praktikada istifadə edə bilməkdir.

Baxın mən sizə hoppanmanın xeyirindən danışdım, bəlkə kimsə bunu bilmirdi, lakin artıq xəbərdardır. Amma bildiyi təqdirdə bu məşqləri etmir. Məs bu insanın seçim məsələsidir.

– Hər şey asan görsənir…

– Bu belədir – uğur özlüyündə çox asandır. Qida qaydalarının öhdəsindən hər kəs gələ bilər, orada mürəkkəb bir şey yoxdur. Gərək müəyyən piroqda nə qədər kalori olduğunu, bu gün nə qədərini sərf etdiyini, qaçmağın lazım olub-olmadığını bilməlisən.

Bir yoldaşım mənə bundan sonra bütün həyatı boyunca kalori saymalı olduğunu sual etmişdi. Mən isə cavabımda, – “Sən 2000 manat maaş alırsan və 3000 manat xərcləməmək üçün saymalısan. Kalorilərə gəldikdə eyni vəziyyətdi, sadəcə olaraq burada sən sağlam qalmaq üçün saymalısan” – , demişdim.

– Təxmin etmək olar ki qəbul edilən kalorilərin sayına nəzarət etməmək istəyinin arxasında adi tənbəllik dayanır.

– Elədir ki var. Tənbəllik və könüllü cəhalət bizi problemi digər rakursdan təhlil etməyə mane olur. Biz gecə plov yeyirik, lakin bilmirik ki, düyünün həzmi bədənə düşdükdən 6 saat sonra başlayır və ya nahardan sonra çay içirik ki, bu da çox ziyandır.

Uşaqlıqdan beynimizə stereotip yeridirlər ki, yağlı – dadlı deməkdir, gərək həmişə qabına qoyulanı sonadək yeyəsən, yoxsa nişanlın çirkin olacaq. Bu misal 5-yaşlı uşağın rasionunun onun gələcək ailə həyatına nə aidiyyatı olduğunu nədənsə demir.

Yeniyetmə çağlarımızdan bizi öyrədirlər: yaxşı yesən – uğur qazanacaqsan, yoldaşın gözəl olacaq. Biz bunlarla böyüyürük. Lakin bir çox insan sağlam qidalanmanın əsas və hətta kiçik qaydalarından xəbərsizdilər.

Yaxşı bir deyim var: qaşıq və çəngəl ilə biz öz qəbirimizi qazırıq, yəni sağlamlığımıza ziyan vururuq. Bizim orqanizm uzun müddət üçün nəzərdə tutulub, onun böyük resursları var, lakin biz onu öz əlimizlə israf edirik.

– Bizim söhbətin əsas meyarlarından biri iradədir. Onu məşq və ya inkişaf etdirmək olar?

-İradəmiz bizim məqsədlərimizə bağlıdır. Bilirsiniz mənim üçün saat 6-da durub məşq etmək asan deyil. Bu çox çətindir, mən hər gün özümü buna məcbur edirəm. Elə olur ki yataqdan qalxıram, sonra geri uzanıram, yenə qalxıram, yenə uzanıram və bu bir neçə dəfə təkrarlanır.

Bəzən basseynə gəlirəm və suya baxdıqda məni titrəmə tutur. Bu vaxt tənbəllik şüuraltı mənə “uzan, bir az da yat, indi soyuqdur, çox erkəndir, nəyinə lazımdır, dizin hələ də ağrıyır, sabah edərsən”, ambisiya isə “dur, sən birinci olmalısan, çempion olmalısan, iki aydan sonra yarışın var, gərək hazırlaşmalısan” deyir.

Bu sonsuz mübarizə həmişə davam edir.

92

– Belə çıxır ki, hər şey göründüyü kimi asan deyil?

– Mənim iradəm yoxdur, eləcə də yazın. İradəm olsaydı 18 il ərzində siqaret çəkməzdim, 120 kq çəkim olmazdı.

Lakin, əgər mən dəyişdimsə bunu hamı edə bilər.İradənin olmaması – daha bir bəhanədir.

Bu gün məşq etmək üçün hava çox istidir, sabah çox soyuq, birisi gün güclü külək olacaq…Öz əhvalınızı havaya bağlamayın. Pozitiv insan həmişə öz içində yaxşı abu-hava daşıyır. Sadəcə olaraq hər bir şəxs öz daxilində, sonradan adətə çevriləcək və iradə adlandırdığımız nizam yaratmalıdır.

– Lakin bunların hamısı böyük enerji sərfiyyatı tələb edir. Siz bu enerjini hardan alırsınız?

-Hamı mənə enerjim olduğu üçün idmanla məşğul olduğumu deyir. Amma hər şey əksinədir – idmanla məşğul olduğum üçün enerjim var.

Mən ümumiyyətlə zaman çatışmamazlığı məsələlərinin insanın fiziki baxımdan nə qədər fəal olmasına bağlı olduğunu düşünürəm.

Dünyada hər şey dəyişir. Hətta fundamental lider anlayışı da dəyişib. İndi bu şişman direktor yox, enerjili, ambisiyalı, aqressiv, hər şeyə vaxt tapa bilən sağlam insandır.

Mən qeyri-adi bir şey etmirəm. Sadəcə olaraq həftədə 4 dəfə səhər duraraq idmanla məşğul oluram. 6-da dururam, 7-nin yarısı evdən çıxıram, 7-də bir saat, saat yarımlıq məşqimə başlayıram sonra isə işlərimlə məşğul oluram. Heç bir vaxt problemim yoxdur, lakin bu qeyd etdiyimiz məqsəd məsələsidir.

37 yaşımda 120 kiloqram çəkim var idi və mən qoca idim, 40 yaşımda isə mən artıq marafonlarda iştirak edirəm və medallar qazanıram. İradə hamıda var və hər kəs həyatının istənilən anında vəziyyəti kardinal olaraq dəyişə bilər.

Yadda saxlanılası əsasə məsələ – biz seçimlərimizin cəmiyik və buna görə də hər gün gərək maksimal olaraq düz seçim edək.

Fəridə Rəsulova, Renat Cəfərov

Məlumatlandırma

YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *