882016_10151909729498649_2133591493_o
Müsahibələrim

“Zaman” qəzetinə müsahibəm

Zaman hamının istifadə edə biləcəyi ciddi və böyük sərvətdir

 

Fəxri Ağayev 1974-cü ildə Bakıda anadan olub. Mərmərə Universiteti, ingilis dilində İqtisad fakültəsi məzunudur. Uzun müddət Türkiyədə yaşadıqdan sonra Azərbaycana geri dönüb.

10 il beynəlxalq və regional firmalarda rəhbər vəzifələrdə işləyib. Hazırda “Çinici” firmasında biznesin inkişafı üzrə direktor müavini vəzifəsində işləyir, Qafqaz Universitetinin müəllimidir. “Zamanın idarə edilməsi” mövzusunda təlimlər və konsultasiyalar verir. Bloqqerdir, sağlam həyat tərzinin geniş yayılmasını təbliğ edən bloqu var. Zaman mövzusunda söhbətləşmək üçün Fəxri Ağayevi müsahib seçdik.

– Fəxri müəllim, eyni anda bu qədər işləri necə çatdırırsınız?

– İlk baxışdan çətin görünsə də, bu qədər işi görmək o qədər də çətin deyil. Mənim haqqımda olan məlumatlara əlavə olaraq bunu da əlavə etmək istəyirəm ki, aktiv şəkildə idmanla məşğul oluram və beynəlxalq marafon yarışlarında iştirak planlarım var, daim müxtəlif mövzularda kitablar oxuyuram, valideynlərimə, ailəmə və çevrəmdəki insanlara zaman ayırıram. İnsan zamanını doğru və səmərəli istifadə etdikdən sonra həyatında bir balans olur – insan üçün dəyərli olan məsələlərə zaman ayrılır.

– Nə zamandan etibarən sizin həyatınız bu şəkildə dəyişmişdir? Hər zamanmı bu tərz həyatınız olmuşdur?

– Həyat tərzim hər zaman aktiv olmuşdur. Bu mövzuda atamın çox ciddi təsiri olmuşdur. Ancaq insanın aktiv olması ilə səmərəli insan olması arasında böyük bir fərq var. İnsan bütün günü, bütün həftəni aktiv məşğul olur, geriyə baxanda görür ki, çox iş görülməyib, ancaq ciddi yorğunluq və stress var. Səmərəli olmaq isə  zamanı maksimum faydalı şəkildə insanın öz həyat, dəyər və hədəflərinə görə istifadə etməsidir.Vacib olan məşğul və yorğun olmaq deyil – əsas vacib olan odur ki, insanın həyatında bir balans olsun. Vaxtı ancaq işə ayırmaq olmaz, çünki həyatımızda digər dəyərli məsələlər var – ailəmiz, övladlarımız, çevrəmiz, sağlamlığımız. Mənim daha öncəki həyatım əsasən aktiv və məşğul tərzdə idi və daim özümü işimə və gündəlik qısamüddətli problemlərin həll edilməsinə həsr etmişdim. Qısa müddətdə bu, bəlkə də, təsirli olabilər. Ancaq 5-6 il keçdikdən sonra insan bir anda karyera və işindən başqa digər həyat dəyərlərindən uzaq qaldığını görür.

18 illik siqaret çəkmək, aktiv həyat tərzinin və idmanın həyatımda olmamasına görə çəkimin 120 kq-a çatması karyeram uğrunda mənim nə qədər itkilər verdiyimin göstəricisi oldu və həyatımda ciddi dəyişikliklər etməyə qərar verdim. Siqaretlə vidalaşdım, daha sonra çəkimlə əlaqədar ciddi addımlar ataraq, 3 ayda 40 kq arıqladım və mənim üçün tamamən yeni bir həyat başladı.

– Sizin fikrinizcə, müvəffəqiyyətli insan kimdir? Onu necə ifadə etmək olar?

– Bir insan 50 yaşında güclü karyera, vəzifə əldə edibsə, amma mədə-bağırsaq, ürək-damar kimi ciddi xəstəliklərə tutulursa, ailəsinə zaman ayıra bilmirsə, bu insana müvəffəqiyyətli və ya xoşbəxt demək olarmı?

Müvəffəqiyyətli insan həyatında vacib olan bütün sahələrdə balansı təmin edə bilən insandır. Hər bir insanın həyatında balansın olması üçün karyera, şəxsi inkişaf, ailə, sağlamlıq, ətrafı və mənəvi dəyərlər üçün yer olmalıdır.

Ətrafımıza baxsaq, nə qədər 45-50 yaşına çatmış və iş həyatında uğur qazanmış insanları görərik, ancaq təəssüflər olsun ki, bu uğurlarla bərabər, səhhətdə problemlər, ailəyə yetərli zamanın ayrılmaması, stress və əsəblərin olduğunu müşahidə edərik. Zamanı idarəetmə texnikalarından istifadə edərək və ətrafdakı insanlara da bunları aşılayaraq, insan həm fərdi şəkildə, həm də olduğu cəmiyyətdə daha da müvəffəqiyyətli ola bilər.

– Fəxri müəllim, sizin üçün zaman nə deməkdir?

– Qərbdə daim deyilən və bizim də eşitdiyimiz bir atalar sözü var – “Time is money” (“Zaman puldur”). Mənim fikrimcə, bu, doğru deyildir. Zaman pula bərabər deyildir – zaman puldan daha da dəyərlidir. Çünki insanlar pulu hər zaman qazana bilər, ancaq zamanı qazanmaq mümkün deyil. Biz onu ancaq xərcləyə bilərik – səmərəli və ya səmərəsiz.  Hər bir insan həyata eyni şərtlərlə, eyni sərmayə ilə başlayır: dünyaya gələn hər insana 2 əsas sərvət verilir: sağlamlıq və zaman. Bunları artırmaq mümkün deyil, bunları qoruyaraq, səmərəli şəkildə istifadə etmək lazımdır. Təəssüflər olsun ki, insanlar zaman və səhhətin ciddi problem olduğunu bunlar olmadığı və ya yetərsiz olduğu zaman anlayırlar.

Həyat artıq çox sürətlidir və yerində sayan  insan yıxılacaqdır. Yavaş sürətlə gedən insan bəzən sürətini artırmalıdır ki, həyata çatsın.Ancaq və ancaq sürətli olan insanlar müvəffəqiyyətli olacaqdır.

– Hər birimizin 1 gündə 24 saatı var. Hər bir insanın bu 24 saatı istifadə etmək tərzi, şəkli və stili fərqlidir. Əslində zamanın idarə edilməsi kiçik yaşlardan insanlara öyrədilməlidir.

– Mənim üçün zaman – həyat və balans deməkdir. Mənim üçün zamanın idarə edilməsi əslində həyatın idarə edilməsidir.

Düşünün ki, bir insan pilləkənləri sürətlə çıxmağı bacarır və 15-ci mərtəbəyə çox qısa zamanda çıxır. Bəs bu insan ona lazım olan binanın deyil, başqa binanın 15-ci mərtəbəsinə çıxmışsa, bu insanın sürətli olmasının xeyri nədir? Bunun tərsini düşünün – bir insan binanı səhv salmır, ancaq 15-ci mərtəbəyə çıxmaq üçün nə sürəti var, nə də ki gücü. Doğru istiqamət seçilməsinin xeyri nədir?

İndi isə düşünün ki, bir insan həyatını bu şəkildə idarə edir: istiqamət səhv seçilir və buna görə də güc, enerji və zaman boş yerə xərclənir və ya istiqamət düz seçilir, ancaq nəticə əldə etmir. Həyatımızda “restart” (təkrar başlama) düyməsi olmadığına görə hədəflərimizi, hədəflərimizə doğru bizi aparacaq planlarımızı dəqiq və doğru şəkildə tənzimləməliyik.

Əsas məqsəd isə doğru istiqamətdə doğru güc və enerji ilə qaçmaqdır.

– Zamanın idarə edilməsi indi nə zaman və kimlər üçün aktualdır?

– Zamanın idarə edilməsi həm fərdlər üçün, həm şirkətlər, həm də dövlətlər üçün çox aktualdır. Hər bir insan həm işləməli və karyera qurmalıdır, həm ailəsinə zaman ayırmalıdır, həm idmanla məşğul olmalıdır, sağlam olmalıdır, həm də özünü inkişaf etdirməklə digər mənəvi dəyərlərinə də zaman ayırmalıdır. Bunların hər hansı birinin olmaması insan həyatının bir bütün olaraq problem olması deməkdir.

Şirkətlərə zamanın idarə edilməsi nə qədər lazımdır? Təlim verdiyim bütün firmalara daim dediyim məsələ belədir: şirkətlər öz əməkdaşlarına maaşı işdə keçirdiyi zamana görə vermirlər: maaş əməkdaşın firmaya verdiyi dəyər üçün verilir. Hər bir əməkdaş işlədiyi qurumda günlük 8 iş saatını maksimum səmərəli şəkildə istifadə etməlidir. Bunu sadə bir misalda nümayiş etdirmək olar: əgər bir qurumda bütün əməkdaşlar hər gün 2 saat zamanı səmərəli, firmaya fayda verəcək şəkildə istifadə etmirlərsə, bu o deməkdir ki, firmanın aylıq maaş büdcəsinin 25%-i səmərəsiz şəkildə istifadə edilir. Qurumda işləyən əməkdaşın zamanını idarə etməsi artıq onun şəxsi işi deyildir – hər bir əməkdaş zamanını şirkətin mənfəət və hədəflərinə görə ən səmərəli şəkildə istifadə etməlidir.

Çox maraqlı fakt odur ki, firmalarda maddi vəsaitlər və pul ilə əlaqədar olaraq bütün proseslər və əməliyyatlar, standartlar, büdcələmə, audit işləri ciddi şəkildə kontrol edilir. Ancaq firmadaxili zaman mədəniyyəti və zamanın fərdi və ümumi firma olaraq idarə edilməsi kontrol edilmir.

Bununla bərabər, zamanı idarəetmə firmanın rəqabət gücünü ciddi şəkildə artıracaq. Belə ki, firma əməkdaşlarının hər birinin ən səmərəli şəkildə işləməsi o deməkdir ki, daha çox müştəriyə xidmət göstərilir, daha çox müqavilə imzalanır, əməkdaşların özlərini inkişaf etdirmə imkanları olur və s.

Zamanın idarə edilməsi bir ölkə üçün də çox aktual məsələdir. Düşünün ki, əgər bir qurumdan bir sənədin alınması üçün insanlar 2 saat gözləyirlərsə və bu sənədin alınma prosesi səmərəli şəkildə təşkil edilməyibsə, ölkə miqyasında sənəd gözləyən insanların nə qədər zaman itirdiklərini təsəvvür etmək çox çətindir.

– Zamanın idarə edilməsində əsas fikir və texnikalar nələrdir?

– Zamanın idarə edilməsi, əvəz edilməyən bir sərmayə  olan zamanın insanın hədəf və planlarına görə ən səmərəli şəkildə istifadəsi deməkdir. Zamanın idarə edilməsi ancaq “gecikməmək” deyildir. Bu, insanın şəxsi və iş həyatını ciddi şəkildə daha da səmərəli edəcək texnika və texnologilar toplusudur.Əsas fikir odur ki, insanın gündəlik və həftəlik fəaliyyətləri onun hədəflərinə görə tənzimlənməlidir. Həyat – dağa çıxmaq kimidir. Ən yüksəkdə bizim hədəflərimizdir və bu hədəflərə doğru çıxarkən biz doğru insanlarla, doğru avadanlıq və alətlərlə, zamanımızı və gücümüzü doğru şəkildə tənzimləyərək çıxmalıyıq.

– Zamanın idarə edilməsi üçün insanlara nə lazımdır?

– Əsas məsələ güclü istək, güclü iradədir, səbir və intizamdır. Bir mövzuda məlumatlı olmaq və mövzunu bilmək yetərli deyildir. İnsanın biliklərini istifadə etməsi çox vacibdir. Mən bunu hər zaman siqaret çəkmə kimi pis bir vərdiş üzərində misal verirəm. Bütün siqaret çəkənlər siqaretin ziyanı və hansı fəsadlara yol açacağı haqqında məlumatlıdırlar, ancaq yenə də bu vərdiş davam edir.

Zamanın idarə edilməsi də bir vərdişdir. Öncə insanın istək və iradəsi ilə başlayır, daha sonra isə artıq vərdiş halına gəlir.

– Sizcə, indiki gənclər üçün zamanın idarə edilməsi vacibdirmi? Bununla bağlı gənclərə nə tövsiyə edərdiniz?

– Zamanı idarə etmək indiki gənclər üçün həddindən artıq vacibdir. İnsanlar bir-birilərinin zamanlarına hörmətlə yanaşmağı öyrənməlidirlər.

Gənclərə isə tövsiyəm odur ki, daim özlərini inkişaf etdirsinlər, gələcək hədəflərini seçərək planlar qursunlar və iradəli şəkildə irəliyə doğru getsinlər, çünki onların hər birinə aid ciddi və böyük sərvət var

 

 ANAR QARAXANÇALLI

 

ZAMAN.-2013.-1 may.-S.7.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *